“Keçən il IV qrupda 600 baldan yuxarı nəticə göstərən 378 nəfər idi, bu il 356-dır”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, keçən il bu qrup üzrə 1082 nəfər 500-dən yuxarı bal toplayıb, bu il onların sayı 1022 nəfər olub. Tibb Universiteti üçün ötən il ümumi plan yeri 785 idi, bu il ümumi 975-dir, 190 yer artıb. Bura hərbi həkim işi və əczaçılıq da daxildir.
M. Abbaszadə deyib ki, IV ixtisas qrupunda 4100 plan yeri var, keçən 3710 yer idi, 10,5 faiz artım var: “Müsabiqə vəziyyəti çox olmasa da, bir az aşağı düşə bilər. 500-510-dan yuxarı bal toplayan 1022 nəfər var. Demək olar ki, onların hamısı tibb ixtisasına, stomatologiya, tibb bacısı, fizioterapiya və reabilitasiya, ictimai səhiyyə ixtisaslarına qəbul ola bilərlər. Rus bölməsində 92 nəfər 500-dən yuxarı bal toplayıb. 300-dən çox bal toplayan Azərbaycan bölməsində Seçeneov adına universitetə də qəbul ola bilər. Bu il IV qrupda dövlət sifarişli yerlərə qəbul olanlar ancaq yuxarı nəticə göstərənlər olacaq, dövlət sifarişli yerlərdə tibb ixtisasına dövlət sifarişli 580 yer verilib, bunlardan 100 yer Seçenov adına Universitetin payına düşür. 560-dan yuxarı bal toplayan 604 nəfər var, onların şansı var ki, dövlət sifarişli yerlərə qəbul olsunlar. IV qrupa plan yerlərinin sayı 4100 nəfərdirsə, 200 baldan yuxarı bal toplayan və müsabiqəyə buraxılan 3092 nəfərdir. 150 baldan yuxarı bal toplayanların sayı 3757-dir. Ümumi dövlət sifarişli 2475, ümumi müsabiqə üçün isə 3950 yer var ki, onlar həmin yerləri seçə bilərlər”.
16:12
Jurnalistika ixtisasına qabiliyyət imtahanlarının nəticələri yoxlanılıb, bu gün nəticələrin açıqlanacağı gözlənilir".
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, jurnalistikaya qabiliyyət imtahanı verən 900 nəfərdən 648-i məqbul qiymət alıb: "Yəqin ki, appelyasiya da olacaq".
16:03
“IV qrupa sənəd verənlər ən hazırlıqlı şagirdlər olur. IV qrupun abituriyentlərinin builki buraxılış imtahanlarında median göstəricisi 165 baldır”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, keçən il biotexnologiyanın mühəndisliyi I qrupda var idi, bu il yoxdur. Amma biotexnologiya ixtisası IV qrupda yaradılıb, cəmi 30 yerdir: “Bu, bu çox müasir və gələcəkdə perspektivi olan ixtisasdır. COVİD-19 müalicəsində də biotexnologiya ixtisaslı şəxslər çox çalışıb. Tibb bacısı işi ixtisası da yeni yaradılıb, bu ixtisas əvvəl orta ixtisas təhsili müəssisələrində olurdu. Amma hər bir xəstəxanada həkim və cərrahların yanında baş tibb bacısı da olur. Yüksək kvalifikasiyalı, ali təhsilli tibb bacılarına çox ehtiyac var, ona görə yeni yaradılan bu ixtisasa 40 yer verilib. İctimai səhiyyə də yeni yaradılıb, çox vacib ixtisasdır. Bu ixtisasa 85 yer ayrılıb. Tibb ixtisası üçün bu il 610 yer ayrılıb. Tibb Universitetindən əlavə 100 yer Seçenov adına Moskva Tibb Universitetinə də ayrılıb, Naxçıvan Tibb Universitetinə də yerlər verilib".
15:39
"Plan yerləri azalsa və müsabiqəyə buraxılanların sayı 1000 nəfər çox olsa da, I qrupda olan müsabiqə vəziyyəti keçənilki kimi gözlənilir. İstək yüksək olan ixtisaslara keçid balları ola bilsin ki, keçən illə müqayisədə fərqli olsun".
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, I qrupda bu il 600 baldan yuxarı bal toplayanların sayı 611 nəfər olub, ötən il bu rəqəm 553 nəfər idi: "500-dən yuxarı bal toplayanların sayı 1903 nəfərdir, keçən il 1864 idi. Amma 400 baldan yuxarı bal toplayanlar bu il 3931, keçən il 3935 idi, təxminən eynidir, 400 baldan aşağı olanların sayı da keçən illə təxminən eyni səviyyədə olub".
15:23
“I qrupda 14924 plan yeri var. Bu yerlərdən 200-ü, yəni 50 yer Moskva Dövlət Universiteti, 150 yer Azərbaycan-Fransız Universitetinə veriləcək, həmin şəxslər əlavə imtahan verib müsabiqədən sonra həmin universitetlərə qəbul olacaqlar”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, bu yerlər dövlət sifarişli yerlərdən həmin universitetlərə veriləcək. 2-ci imtahandan sonra qəbul olanların siyahısı bizə veriləcək və onların ümumi ixtisas seçimində iştirak hüququ olmayacaq: “I qrupda 200 baldan yuxarı bal toplayan 10043 nəfər 14724 yerə iddiaçıdır. 250-260-dan yuxarı bal toplayanlar 9162 nəfər olub. I qrup üçün 9090 dövlət sifarişli yer var. 250 baldan yuxarı olan hər kəs dövlət sifarişli yerlərdə özü üçün yer tuta bilər. Qalanların şansı olsa da, bu şans azdır. Burada 5179 nəfər subbakalavr da var, 200 balıq ixtisas seçiminə onlar da qoşulacaq. Onlar qəbul ola bilmək üçün ilk olaraq özəl ali məktəblər və regionlarda ixtisası seçməlidir. 150 baldan yuxarı bal toplayan 15573 nəfərdir, burada ixtisas yeri daha azdır. Subbakalavrlar da əlavə olunsa, 14724 yerə 20552 nəfər iddiaçı edir. Keçən ilki müsabiqə vəziyyətini gözləyirik. I qrupda verilən plan yerləri 1,96% azalıb, 299 yer təşkil edir. Yeni ixtisaslar da var”.
15:15
"İxtisas seçiminə 44776 nəfər buraxılıb, onların 23300-ü, yəni yarısı seçim edib".
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, son 10 ildə I qrupa axın çoxalıb, texniki, təbiət elmlərinə daxil olmaq istəyənlərin sayında artım var: "Bu qrupda informasiya texnologiyaları ixtisasına seçim və istək artıb. Bu il də onu müşahidə etdik".
M. Abbaszadə abituriyent və valideynləri ixtisas seçimində diqqətli olmağa çağırıb.
15:09
Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün I və IV ixtisas qrupları üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım edir.
13:09
Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün I və IV ixtisas qrupları üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək.
Bu barədə Lent.az -a DİM-dən məlumat verilib. Bildirilib ki, canlı yayımda Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq. Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.
Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz.